Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib.
Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.
Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.